Mayın 1-də Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrılıqda görüşü keçirilib. Bundan sonra Dövlət katibinin iştirakı ilə üçtərəfli formatda görüş olub. Daha sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.
Rəsmi məlumatlara görə görüşlərdə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üçün ikitərəfli danışıqların növbəti raundu, həmçinin regionda sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunur.
Dövlət Departmanetinin rəsmiləri baş tutan görüşləri “konstruktiv” adlandırıb və onların bir neçə gün davam edəcəyini gözlədiklərini bildiriblər. Rəsmilər danışıqların səmimi və birbaşa qaydada keçəcəyinə ümidlərini ifadə ediblər.
Onlar Birləşmiş Ştatların Cənubi Qafqazın gələcəyini “dinc, demokratik və firavan” görmək istədiyini vurğulayıblar. Rəsmilərin dediyinə görə, “ən vacibi tərəflərin Vaşinqtonda, Brüsseldə və ya Moskvada, harada baş verməsindən asılı olmayaraq bir-biri ilə əlaqə qura bilməsidir”.
“Burada məqsədimiz tərəflər arasında davamlı, balanslaşdırılmış və ləyaqətli sülhdür”, - Dövlət Departamentinin sözçüsü qeyd edib.