Biz Bakıda vurğuladıq ki, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması iki ölkə arasında atəşkəs razılaşmalarına ziddir və Azərbaycanın axınların şəffaflığı ilə bağlı müəyyən narahatlığı və ya tələbləri varsa, bu məsələyə yanaşmağın bir sıra başqa yolları da var və birtərəfli addımlar olmamalıdır. Bu barədə Fransanın xarici işlər naziri Katrin Kolonna Ermənistanın xarici işlər naziri ilə birgə mətbuat konfransı zamanı bildirib.
“Davamlı sülh eyni zamanda insan hüquqlarına hörmət edən və qoruyan sülh deməkdir. İstər hərbi əsirlər, itkin düşmüş şəxslər, istərsə də bir sıra digər çətin mövzular üzrə danışıqlar üçün daha yaxşı mühit yaratmağa kömək etmək üçün xoşməramlı humanitar addımların atılmasını istəyirik. Biz götürülmüş öhdəliklərə uyğun olaraq, eyni zamanda Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq Laçın dəhlizi ilə maneəsiz hərəkətin bərpasına çağırmaqda davam edirik. Blokada bir neçə aydır ki, davam edir və bu, qəbuledilməzdir, beynəlxalq hüquq öhdəliklərinə uyğun gəlmir və əlavə olaraq, DQ əhalisi üçün humanitar böhran riski yaradır”, - deyə Kolonna bildirib.