Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycan tərəfindən Laçın dəhlizinin blokadasını qəbuledilməz hesab edir və bunun Dağlıq Qarabağ əhalisi üçün ciddi iqtisadi və humanitar böhran riskləri ilə dolu olduğunu qeyd edir.
Fransanın xarici işlər naziri “Armenpress”-ə verdiyi eksklüziv müsahibəsində vurğulayıb ki, Azərbaycanın bu davranışı Ermənistanla sülh danışıqlarına mane olur. O, Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaradmasını da narahatedici qiymətləndirib.
Fransa xarici işlər naziri onu da vurğulayıb ki, Fransa Dağlıq Qarabağın erməni əhalisinin öz tarixini, irsini və mədəniyyətini qoruyub saxlamaqla orada təhlükəsiz yaşamağa davam etməsini təmin edəcək istənilən həll variantını dəstəkləyəcək.
“Dekabrın 12-dən etibarən Laçın dəhlizi ilə hərəkətin əngəllənməsi yolverilməzdir. Bununla bağlı dəfələrlə Fransanın mövqeyini ifadə etmək imkanım olub. Bu vəziyyət qəbuledilməzdir, çünki Dağlıq Qarabağ əhalisi üçün bu, ciddi iqtisadi və humanitar böhran təhlükələri ilə doludur. Bu, həm də Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının davam etdirilməsinə mane olur və indiki geosiyasi kontekstdən onsuz da təsirlənən regionun sabitliyinə ciddi təhdiddir”,-deyə o qeyd etdi.
Nazir vurğulayıb ki, Fransa bütün mübahisələrin yalnız danışıqlar yolu ilə həll olunmasını istəyir və bu səfərin məqsədi də budur.
“Biz istəyirik ki, beynəlxalq ictimaiyyətin dəstəyi ilə Dağlıq Qarabağın nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında əhalinin hüquq və təminatlarının məzmunu ilə bağlı danışıqlar aparılsın. Bu o deməkdir ki, bu cür danışıqlar üçün, xüsusən də Laçın dəhlizi ilə sərbəst hərəkətin bərpası məsələsi ilə bağlı əlverişli şərait yaradılmalıdır.
Fransa Dağlıq Qarabağın erməni əhalisinin öz tarixini, irsini və mədəniyyətini qoruyub saxlamaqla orada təhlükəsiz yaşamağa davam etməsini təmin edəcək istənilən həll yolunu dəstəkləyəcək. Bu onun toxunulmaz hüququdur”,-deyə nazir qeyd etdi.