Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsinin imzalanmasına toxunaraq, qeyd edib ki, bu müqavilənin həyata keçirilməsi üçün təminatlar və mübahisələrin həlli mexanizmlərinin başa düşülən və effektiv sistemi olmalıdır.
Onun sözlərinə görə, sərhədin delimitasiyası parametrləri də aydın şəkildə qeydə alınmalı və gələcək gərginliyi istisna etmək üçün aydın mexanizmlər işə salınmalıdır.
“Vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq və hərtərəfli nizamlanmaya nail olmaq üçün bizdən və beynəlxalq ictimaiyyətdən konkret və səmimi səylər tələb olunur. ER bu istiqamətdə mümkün olan bütün səyləri davam etdirəcək, lakin bu səylərə paralel olaraq Dağlıq Qarabağda və Laçın dəhlizində daha geniş beynəlxalq iştirak olmalıdır.
Azərbaycanın Dağlıq Qarabağı ermənilər üçün yeni eşafota çevirmək cəhdlərinə son qoyulmalıdır və bunun yeganə etibarlı yolu Dağlıq Qarabağda geniş beynəlxalq mandata malik nümayəndələrin olmasıdır.
İlk addım kimi Laçın dəhlizinə və Dağlıq Qarabağa təcili beynəlxalq faktaraşdırıcı missiya göndərmək lazımdır”, - deyə Baş nazir bildirib.