Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə nümayəndə heyətinin sədri, Avropa Parlamentinin deputatı Marina Kalyurand, Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi, Avropa Parlamentinin deputatı Andrey Kovaçev və Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi, Avropa Parlamentinin deputatı Jelyana Zovko Laçın dəhlizi ilə bağlı Azərbaycanın beynəlxalq öhdəliklərinə açıq şəkildə hörmət etməməsinə dair birgə bəyanatla çıxış ediblər.
“23 aprel 2023-cü il tarixində Laçın dəhlizində Azərbaycan sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı dərin narahatlığımızı bildiririk. Bunun mənfi nəticələri ola bilər və 9 noyabr 2020-ci ildə qəbul edilmiş atəşkəs bəyanatının açıq şəkildə pozulması, habelə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli məcburi qərarına hörmətsizlik kimi qəbul edilə bilər. Qəraa əsasən, Azərbaycan Laçın dəhlizinin hər iki tərəfindən insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün bütün tədbirlər görməlidir.
Xatırladaq ki, dəhlizin Azərbaycan tərəfinin blokadası 2022-ci il dekabrın 12-dən başlayıb və Dağlıq Qarabağ əhalisinə humanitar çətinlik törətməklə, sülh perspektivlərini xeyli sarsıdıb. Son addımlar vəziyyəti daha da gərginləşdirir. Biz Bakını öz kursunu dərhal dəyişməyə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, beynəlxalq öhdəliklərə və normalara hörmət etməyə sadiq olmağa çağırırıq. Avropa İttifaqı yenə də bütün fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etmək üçün tərəfləri dəstəkləməyə hazırdır.
Üstəlik, 24 aprel Erməni Soyqırımını Anma Günü ərəfəsində belə hərəkətlərin həyata keçirilməsi təəssüf doğurur. Həmin gün 108 il əvvəl Osmanlı İmperiyasının törətdiyi məhv edilmənin ildönümüdür. Biz soyqırım zamanı həlak olan milyon yarım qurbanın xatirəsini anırıq və beynəlxalq ictimaiyyəti barışığa mane olan təxribatçı ritorika və nifrətə səbəb olan hərəkətlərə qarşı ayıq olmağa çağırırıq”.