İran İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad İran-Azərbaycan münasibətlərinə toxunaraq bildirib: “İran tarix boyu qonşularına xüsusi hörmət göstərmiş böyük ölkədir. İranın şimal-qərb qonşuları, xüsusən də Azərbaycanla çoxlu ümumi cəhətləri var və biz bu ölkəyə həmişə hörmət etmişik.
Azərbaycan bilməlidir ki, İslam İnqilabından sonra İranın qonşularından biri (İraq - red.) bir dəfə səhv etdi və müxtəlif dövlətlərin böyük dəstəyinə baxmayaraq, 8 il İrana qarşı dura bilmədi, ona görə də biz Azərbaycanın dövlət xadimlərinə tövsiyə edirik ki, qonşuluğa hörmət prinsipini qoruyub saxlasınlar“.
Nikzad Azərbaycan səfirliyinə hücuma da toxunaraq, bunun şəxsi səbəblərdən qaynaqlandığını vurğulayıb: “İndi bir cahil adam səhv edibsə, onlar səfirliyi bağlayıb, diplomatları çıxarıb başqa şeylərdən danışmalıdırlar? O hadisədən sonra prezidentimiz Azərbaycan prezidenti ilə əlaqə saxladı, parlamentin sədri də mesaj göndərdi və təəssüfləndiyini bildirdi, mən özüm Tehrandakı Bakı səfirliyinin ikinci adamı ilə danışdım.
İran indiyə qədər özünü şərəfli aparıb, ona görə də mən Azərbaycan hökumətinə və parlamentinə tövsiyə edirəm ki, tarixə nəzər salsınlar və özlərini düzgün aparsınlar. Son günlər Azərbaycan 4 diplomatı ölkədən çıxarıb və sözsüz ki, Xarici İşlər Nazirliyimiz də qarşılıqlı addım atacaq, amma bu davranışın sonu yaxşı deyil”.
Nikzad vurğulayıb: “İranın Azərbaycan xalqına xüsusi hörməti var, ona görə də bir iranlı müsəlman və millət vəkili kimi vurğulayıram ki, İran və Azərbaycan xalqlarının ortaq cəhətləri çoxdur, lakin Azərbaycan macəralardan çəkinməlidir. İran indiyə qədər səbirli olub, amma səbrin həddi var.
Bizim heç bir ziddiyyətimiz yoxdur, iki ölkənin sərhədləri, səlahiyyətləri, baxışları aydındır, ölkələrin hər birinin müstəqilliyi var, amma azərbaycanlılar tarixi unutmamalıdırlar. Əgər Azərbaycanda sionist qruplaşma yerləşdirilsə, onlar heç nə edə bilməzlər. Azərbaycan xalqına ürəyimiz ağrıyır. Biz münasibətlərimizi sülh şəraitində, ləyaqəti və dostluğu qoruyaraq inkişaf etdirməliyik, lakin İranın səbrinin həddi var”.