ER prezidenti Vahagn Xaçaturyan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xaçaturyan Buyar Osmaninin səfərinin regiondakı problemlərin həllinə töhfə verəcəyinə əmin olduğunu bildirib.
“Biz əminik ki, həm ATƏT-in fəaliyyətini, həm də ATƏT ilə uzunmüddətli iş təcrübəmizi nəzərə alaraq, regionumuzun problemlərinin həllində ATƏT-in öz rolu var”,-deyə prezident qeyd etdi.
Qəbul üçün təşəkkürünü bildirən Buyar Osmani öz növbəsində bildirib: “Bu regiona və Ermənistana ilk səfərimdir. Mən bu gün ATƏT-in fəaliyyətdə olan sədri kimi ATƏT ilə Ermənistan arasında çoxillik əlaqələri müzakirə etmək üçün buradayam. Deyə bilərəm ki, bizim qarşılıqlı etimada əsaslanan dəyərli və səmərəli əməkdaşlığımız var və biz həm də dəyişmiş geosiyasi şəraiti nəzərə alaraq əməkdaşlığın yeni səhifəsini açmağa hazırıq”.
Görüş zamanı respublika prezidenti ATƏT-in fəaliyyətdə olan sədrinə regional problemlərin həlli ilə bağlı Ermənistanın yanaşmalarını və imkanlarını təqdim edib.
Vahagn Xaçaturyan vurğulayıb ki, Ermənistan Cənubi Qafqazda sabit sülhə nail olmaq və qonşuları ilə qonşuluq münasibətləri qurmaq mövqeyində qətidir.
Həmsöhbətlər Dağlıq Qarabağ probleminin həlli, Laçın dəhlizinin qanunsuz blokadası nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhran, Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin müdafiəsi mexanizmləri ilə bağlı məsələləri də müzakirə ediblər.
Buyar Osmani münaqişələrin həllinə toxunaraq qeyd edib ki, ATƏT-in və xüsusilə Şimali Makedoniyanın bu cür problemlərin həllində böyük təcrübəsi var və bu təcrübəni bölüşməyə hazırdır.