Artsax Xarici İşlər Nazirliyi Marağa qətliamının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“Aprelin 10-da birinci Qarabağ müharibəsinin ən faciəli və dəhşətli səhifələrindən biri olan Marağa qətliamının 31-ci ildönümü tamam olur. 1992-ci il aprelin 10-da Azərbaycan silahlı qüvvələri uzun sürən intensiv atəşdən sonra Artsaxın Martakert rayonunun Marağa kəndini işğal edərək yerli dinc əhalini vəhşicəsinə qətlə yetiriblər.
50-dən çox günahsız vətəndaş vəhşicəsinə qətlə yetirilib, işgəncələrə məruz qalıb, onlarla kənd sakini, o cümlədən qadın və uşaqlar əsir götürülüb, bəziləri əsirlikdə vəhşicəsinə qətlə yetirilib, 19 nəfərin taleyi bu günə qədər naməlum olaraq qalır.
Həmin dəhşətli hadisələrdən iki həftə sonra kənd yenidən hücuma məruz qalıb və doğmalarını dəfn etməyə qayıdan sakinlər Azərbaycan silahlı qüvvələrinin yeni vəhşiliklərinin qurbanı olublar.
Marağa qətliamı Azərbaycan SSR-in Sumqayıt, Bakı, Kirovabad və digər yaşayış məntəqələrinin, habelə Şimali Artsaxın erməni əhalisinə qarşı kütləvi qırğınların və deportasiyaların davamı idi. Bunların məqsədi isə, etnik təmizləmə və məcburi deportasiya yolu ilə Artsax ermənilərini vətənindən məhrum etmək idi.
Marağada törədilən vəhşiliklərin beynəlxalq ictimaiyyət, o cümlədən Human Rights Watch və Amnesty İnternational təşkilatları tərəfindən müfəssəl şəkildə sənədləşdirilməsinə baxmayaraq, bu cinayətə müvafiq beynəlxalq təşkilatlar tərəfindən lazımi siyasi qiymət verilməməsi və cəzasızlıq Azərbaycanın növbəti təcavüzü, Azərbaycan rəhbərliyinin ermənifob və soyqırım siyasətinin davam etdirilməsi və gücləndirilməsi üçün zəmin hazırladı.
Nəticədə, cəzasız qalacağına əmin olan Azərbaycan 2016-cı ilin aprelində və 2020-ci ilin sentyabrında Artsax Respublikasına qarşı daha iki irimiqyaslı müharibəyə başlayıb. Müharibələr Artsax ermənilərinə qarşı yeni vəhşiliklər və hərbi cinayətlər, insan hüquqlarının və beynəlxalq humanitar qanun kobud şəkildə pozulması ilə müşayiət olundu, Artsax Respublikasının yeni və daha geniş əraziləri işğal olundu.
Bu gün də Birləşmiş Millətlər Təşkilatının beynəlxalq məhkəməsinin Artsaxın blokadasına dərhal son qoymaq qərarına məhəl qoymayaraq, Azərbaycan sivil insanlığın gözü önündə öz cinayətkar və soyqırım siyasətini davam etdirir, Artsax əhalisini 120 gün qanunsuz blokadada saxlayır, onları əsas yaşayış şəraitindən məhrum edir, humanitar böhran yaradır və terrorçuluq fəaliyyəti ilə Artsaxı əhalidən boşaltmaq üçün cinayətkar planını həyata keçirir.
Biz bir daha bütün beynəlxalq aktorları Azərbaycan hakimiyyətinin cinayətlərini dayandırmağa, onların səssiz şahidi və hətta ortağı olmamağa, Azərbaycanı praktiki və səmərəli hərəkətlərlə hüquqi və konstruktiv müstəviyə çıxarmağa, onun avtoritar rəhbərliyini beynəlxalq hüquqa və öhdəliklərinə hörmətlə yanaşmağa məcbur etməyə çağırırıq”.