Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb.
İRNA agentliyinin məlumatına görə, Əli Şamxani iki ölkə arasında tarixi əlaqələrə və iki xalq arasında mədəni əlaqələrə toxunaraq qeyd edib: "İki ölkənin iqtisadi və siyasi əlaqələrində sabitlik Tehran və Yerevan arasında dostluq əlaqələrinin mühüm xüsusiyyətlərindən biridir".
Şamxani vurğulayıb ki, qonşularla əməkdaşlığın inkişafı İranın 13-cü hökumətinin xarici siyasətinin dəyişməz prinsipidir. O qeyd etdi ki, İran bütün tərəfləri regional problemlərin qonşuluq və sülh yolu ilə birgə səylərlə həll edilməsinə çağırır.
İranın Ali Təhlükəsizlik Şurasının katibi regiondakı gərginliyin heç kimin xeyrinə olmadığını vurğulayaraq əlavə edib: “Cənubi Qafqaz regionunun coğrafiyasında baş verən istənilən dəyişiklik regionun təhlükəsizliyinə və sabitliyinə qarşı olan aktorların maraqlarından irəli gələn və gərginlik yaradan hərəkətdir. Davamlı dialoq və əməkdaşlıq regional problemlərin həllinə sərt yanaşmaları əvəz etməlidir”.
Cənubi Qafqazda vəziyyətin həssas olduğunu qeyd edən Şamxani ümidvar olduğunu bildirib ki, Ermənistan və Azərbaycan özünü təmkinlə gərginliyi tənzimləyə və həll edə biləcək.