Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehran-Bakı münasibətlərinə toxunub. O qeyd edib ki, qonşu ölkələr ümumi maraqlara diqqət yetirməli və başqaların ikitərəfli münasibətlərdə gərginlik yaratmasına imkan verməməlidir.
"İran həmişə dialoqun vacibliyini vurğulayıb, lakin qonşu, qardaş və müsəlman olan İran və Azərbaycanın qonşuluq münasibətlərinin olmasını istəməyən düşmənlər var", - deyə Naser Kənani qeyd edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Tehran diplomatik üsullarla ikitərəfli münasibətlərdə gərginliyi azaltmağa çalışıb və Tehranın təşəbbüsü ilə iki ölkənin xarici işlər nazirləri arasında müsbət və konstruktiv telefon danışıqları olub.
“Azərbaycan tərəfi ilə razılaşdırılaraq yaradılan ab-havaya nəzarət etmək və münasibətləri normal vəziyyətə salmaq üçün səylər göstərilir. İran Qafqazdakı hadisələrlə bağlı mövqeyini dəyişməyib”, - deyə Kənani əlavə edib.