ABŞ Müdafiə Nazirliyi “Amerikanın səsi”nin erməni xidmətinin Ermənistanın “Defender 23” təlimində iştirak edən ölkələr siyahısına daxil edilməsi ilə bağlı müraciətinə cavab verib.
ABŞ Müdafiə Nazirliyinin cavabında deyilir:
“Ermənistanın (“Defender 23” təlimlərində iştirak edən ölkələr siyahısına) daxil edilməsi sadəcə olaraq Pentaqonun mətbuat xidmətinin daxili komandasının səhvi idi. Ermənistan tərəfi heç vaxt “Defender 23” təlimində iştirak etməyib və iştirakçılar siyahısına daxil edilməməli idi”, - deyə Pentaqonun cavabında qeyd olunub.
Xatırladaq ki, dünən ABŞ Müdafiə Nazirliyi Avropanın on ölkəsində aprelin 22-dən başlayaraq “Defender 23” adlı hərbi təlimlərin keçirilməsi ilə bağlı məlumat yayıb. Hərbi təlimlərdə iştirak edən ölkələr siyahısına Ermənistan da daxil edilib, lakin bir neçə saat sonra məlumatın yenilənmiş variantında Ermənistanın adı iştirakçı ölkələr siyahısından çıxarılıb.
Qeyd edək ki, hazırda Pentaqonun məlumatına görə, təlimlərdə ABŞ-dan başqa, 24 müttəfiq və tərəfdaş ölkə olan Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Hollandiya, Şimali Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniya iştirak edəcək.