Ermənistanı Laçın dəhlizinə birləşdirən yeni Kornidzor-Teğ avtomobil yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın dəhlizinə gedən marşrut dəyişdiriləcək, bunun nəticəsində Ermənistan-Azərbaycan sərhədinin təxminən 12 km-lik hissəsinin mühafizəsini ER sərhəd qoşunları öz üzərinə götürəcək.
Bunu ER Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
“Səbəb odur ki, indiyədək Laçın dəhlizinin müvəqqəti marşrutunu təmin etmək üçün ötən il əldə olunmuş razılığa əsasən, sərhədin qeyd olunan hissəsinin birbaşa mühafizəsi nə Ermənistan, nə də Azərbaycan tərəfindən həyata keçirilməyib. Məlum olduğu kimi, sərhədin birbaşa mühafizəsinin öhdəsinə götürülərkən müəyyən problemlər yaranıb və bu barədə Milli Təhlükəsizlik Xidməti məlumat yayıb, hər iki tərəfin yerləşdirməsi zamanı xəritələrin yanlış oxunması olub.
Bəzi yerlərdə, erməni tərəfin qiymətləndirməsinə görə, Azərbaycan tərəfi sərhəddən 100-300 metr irəlidə, Ermənistan Respublikasının ərazisində mövqe tutaraq mühəndis işləri aparıb. Bundan sonra hər iki tərəfin kartoqraflarının vəziyyəti düzəltmələri razılaşdırıldı.
Bu müddət ərzində sərhədçilərin dislokasiya məntəqələrinin tənzimlənməsi istiqamətində işlər aparılıb və vəziyyət bir qədər yaxşılaşıb. 12 km-dən 7 km-də yerləşmə məntəqələri dəqiqləşdirilib, 5 km-də işlər davam etdirilir”,- Paşinyan qeyd etdi.
Nikol Paşinyan yerləşmə məntəqələrinin tənzimlənməsi üzrə işlərin konstruktiv atmosferdə aparılacağına ümid etdiyini də vurğulayıb.