Artsax Xarici İşlər Nazirliyi Azərbaycan tərəfindən Artsax vətəndaşlarının geri qayıtmasına mane olması ilə bağlı bəyanat yayıb:
“Aprelin 4-də Artsax vətəndaşlarının hüquqlarının növbəti kobud şəkildə pozulması baş verdi ki, bu da Artsaxı 110 gündən artıq tam blokadada saxlayan Azərbaycanın real məqsədlərini nümayiş etdirir. Azərbaycan tərəfi blokadaya görə Ermənistanda qalan və ailələrinə qovuşmaq imkanından məhrum olmuş Artsax vətəndaşlarını daşıyan Rusiya sülhməramlı qoşunlarının maşınlarını Laçın dəhlizindən keçirməyə icazə verməyib. Laçın dəhlizinin bağlanan hissəsində Azərbaycan tərəfi avtomobilləri dayandırıb, 5 saat ərzində onların içərisində olanları, əsasən qadın, uşaq və qocaları psixoloji hədə-qorxuya məruz qoyub. Sonra Azərbaycan insanların iztirablarını saxta humanizm tamaşasına çevirməyə çalışdı.
Bu qalmaqallı hadisə açıq şəkildə göstərir ki, Azərbaycan hakimiyyəti Artsaxı etnik təmizləmək və onun xalqını öz tarixi vətənlərindən qovmaq kimi cinayətkar planının növbəti mərhələsinə keçib. Azərbaycan prezidenti bu niyyətlərini 2023-cü il yanvarın 10-da Azərbaycan mətbuatına verdiyi müsahibədə açıq elan etdi. Daha sonra Azərbaycanın siyasi rəhbərliyi Artsax sakinlərinin ya Azərbaycanın ermənifob hakimiyyətlərinə tabe olmaları, ya da öz vətənini tərk etmələri ilə bağlı təhdidini dəfələrlə təkrarlayıb.
Cəzasızlıq şəraitində Azərbaycanın Artsax xalqına qarşı həyata keçirdiyi cinayət əməlləri mahiyyət və miqyasına görə daha təhlükəli xarakter alır. Beynəlxalq ictimaiyyətin bu cür ciddi insan haqları pozuntularına qarşı fəaliyyət göstərməməsi rəsmi Bakının anti-insani hərəkətlərində gizli razılığa, ortaqlığa bərabərdir.
Müvafiq mandata və alətlərə malik olan BMT Təhlükəsizlik Şurasının təcili və qəti tədbirlər görməsi qeyri-qanuni blokadanın dərhal dayandırılması və beynəlxalq ictimaiyyətin gözü önündə Artsax xalqına qarşı davam edən cinayətlərin qarşısının alınması üçün mütləq zərurətdir"․