Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI -yə müsahibəsində qeyd edib ki, KTMT çərçivəsində Yerevanla qarşılıqlı fəaliyyətin bütün məsələləri, o cümlədən təşkilatın Ermənistan ərazisində müşahidə missiyasının yerləşdirilməsi konstruktiv və qarşılıqlı faydalı əsasda həll olunacaq.
“Ermənistan tərəfinin narahatlıqları KTMT-də mövcud olan qarşılıqlı fəaliyyət formatları çərçivəsində - Daimi Şuranın iclaslarından tutmuş Kollektiv Təhlükəsizlik Şurasına qədər müzakirə olunur. Biz öz tərəfimizdən KTMT-nin missiyasını Ermənistan-Azərbaycan sərhədində yerləşdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik", - diplomat vurğulayıb.
Qaluzin bildirdi ki, təşkilat 2022-ci ildə öz ölkələrinin liderlərinin görüşlərində qəbul edilən qərarların icrası üçün intensiv prosesə başlayıb.
“Əsasən Ermənistanın sədrliyi sayəsində kollektiv təhlükəsizliyimizə qarşı çağırış və təhdidlərin qarşısını almaq, KTMT-nin imkanlarını inkişaf etdirmək üçün çox işlər görülüb. Vurğulamaq istərdim ki, bütün üzv dövlətlərin əlaqələndirilmiş, səmərəli və maraqlı işi olmadan əldə edilmiş nəticələr mümkün olmazdı”.
Onun sözlərinə görə, gündəm çox doludur. Bu da göstərir ki, KTMT-nin məsuliyyəti zonasında təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələlərinin həllində təşkilatın böyük tələbi var.
O qeyd edib ki, KTMT çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı bu və digər məsələlər Moskvada xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyanın görüşündə, həmçinin KTMT-nin baş katibi İmanqali Tasmaqambetovun Yerevana son səfəri zamanı müzakirə olunub.