Avropa Komissiyası (AK) miqrasiya ilə bağlı problemlərin həlli üçün 2023-cü ildə əlavə 110 milyon avro ayırmağa hazırdır.
Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin martın 23-24-də Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) sammiti ərəfəsində təşkilata üzv dövlət və hökumət başçılarına göndərdiyi məktubda deyilir.
“Kalabriya sahillərində baş verən dəhşətli gəmi qəzası gecikmədən hərəkətə keçməyin vacib olduğunu xatırladıb. Bununla bağlı ədalətli qərar yalnız bütün Avropada balanslı yanaşma ilə mümkündür”, - o qeyd edib.
Ursula fon der Lyayenin sözlərinə görə, miqrasiya ilə bağlı artan təzyiq nəzərə alınaraq, Avropa Komissiyası miqrantların qaçaqmalçılığı ilə mübarizə daxil olmaqla, artıq ayrılmış 208 milyon avroya əlavə olaraq 2023-cü ildə Şimali Afrikadakı layihələr üçün əlavə 110 milyon avro ayırmağa hazırdır.