ER Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin saxta iddiaları və hərbi ritorikası ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Martın 16-da Azərbaycan prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı Ermənistan Respublikasına qarşı ərazi iddialarının və növbəti təcavüzə hazırlığın bariz təzahürü idi.
Azərbaycan prezidenti Ermənistan Respublikasının suveren ərazisini qondarma “Qərbi Azərbaycan” adı altında təqdim etməklə nəinki BMT Nizamnaməsini, BMT Baş Assambleyasının dövlətlər arasında qonşuluq münasibətləri və əməkdaşlığının beynəlxalq hüququn prinsipləri haqqında bəyannaməsini, Almatı Bəyannaməsini, həm də Praqa və Soçi bəyanatları ilə üzərinə götürdüyü və məhz bu çıxışda istinad etdiyi öhdəliklərini kobudcasına pozur.
Azərbaycan qaçqın və məcburi köçkünlərin Dağlıq Qarabağa və qonşu rayonlara qayıtmasına davamlı olaraq maneçilik törədir, eyni zamanda Dağlıq Qarabağ ermənilərinin deportasiyası nəticəsində nəzarətində olan əraziləri məskunlaşdırmağa hazırlaşdığını bəyan edir.
9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın demək olar ki, bütün maddələrini pozan Azərbaycanın prezidenti özünün də etiraf etdiyi kimi, dəhlizlərlə bağlı uydurma söhbətləri ilə regional kommunikasiyaların açılması prosesinə mane olur.
Azərbaycan liderinin hərbi ritorikası Cənubi Qafqazda sabitliyin bərqərar edilməsi səylərini tamamilə pozmağa, həm Ermənistan Respublikasının suveren ərazisinə və Dağlıq Qarabağa qarşı genişmiqyaslı güc tətbiqinə əl atmağa yönəlib.
Humanitar fəlakət yaratmaq məqsədi daşıyan hərəkətlərlə müşayiət olunan Dağlıq Qarabağ ermənilərinə qarşı istifadə olunan təhqiramiz ifadələr Azərbaycanın ən yüksək səviyyədə gizlədilməyən etnik təmizləmə siyasətini nümayiş etdirir.
Üstəlik, Ankarada bu cür təxribat xarakterli tezislərin səsləndirilməsi təkcə Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqlarını pozmaq deyil, həm də Ermənistan-Türkiyə normallaşma prosesində müsbət dinamikanı əngəlləmək məqsədi daşıyır.
Regionun sabitliyi və sülhündə maraqlı olan bütün tərəfdaşlar Azərbaycan prezidentinin analoji siyasətini dərhal qiymətləndirməli və Azərbaycan tərəfindən beynəlxalq hüququn pozulması hallarının aradan qaldırılması və güc tətbiqinin istisna edilməsi üçün fəal addımlar atmalıdırlar”.