Avropa Parlamenti Aİ-Azərbaycan münasibətlərinə dair hesabat dərc edib. Hesabatda Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminə toxunulub. Bildirilib ki, 44 günlük müharibədən sonra imzalanmış atəşkəs rejiminə əməl olunmur, üstəlik, atəşkəs bir neçə dəfə pozulub, yüzlərlə insan həlak olub, Ermənistanın şərqində və cənub-şərqində ölkənin suveren ərazisi Azərbaycan qoşunları tərəfindən işğal olunub.
Hesabatda qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunun inkişafına və sabitliyinə böyük maneələr törədib və Avropanın sabitliyinə daha geniş təsir göstərir.
Sənəd bir daha təsdiq edir ki, Ermənistan-Azərbaycan hərtərəfli sülh sazişinəErmənistanın suveren ərazilərinin bütövlüyünü, Dağlıq Qarabağda və münaqişənin təsirinə məruz qalmış digər bölgələrdə yaşayan erməni əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin edən müddəalar, habelə bütün qaçqınların və məcburi köçkünlərin tez və operativ şəkildə öz evlərinə qayıtması kimi məsələlər daxil olmalıdır.
Sənəddə Laçın dəhlizi ilə mülki əhalinin hərəkətinin maneələrindən bəhs edilir. Aİ Ermənistan və Azərbaycanı Laçın dəhlizinin istismarı ilə bağlı bütün narahatlığı bütün iştirakçı tərəflərlə dialoq və məsləhətləşmələr yolu ilə həll etməyə çağırır.
Avropa Parlamenti 2020-ci ilin sentyabr döyüşləri zamanı əsirlərə işgəncə verilməsini və 2021-ci ildə mülki şəxslərə, o cümlədən qocalara qarşı təzyiqlər və məhkəmədənkənar repressiyaları pisləyir.
Avropa strukturu həmçinin Türkiyənin Cənubi Qafqazda ekspansionist və sabitliyi pozan rolunu pisləyir.
Aİ Avropa Şurasının prezidenti Şarl Mişelin Ermənistan və Azərbaycan liderlərinin ikitərəfli görüşlərinə dəvət və vasitəçilik etmək təşəbbüsünü qətiyyətlə dəstəkləyir və Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin işini təşviq edir.
Avropa Parlamenti həmçinin münaqişə zamanı və ondan sonra saxlanılan və hələ də Azərbaycan həbsxanalarında saxlanılan həm hərbi, həm də mülki erməni əsirlərin taleyindən narahatlığını ifadə edir. Son hərbi qarşıdurmalar zamanı əsir götürülənlər də daxil olmaqla, bütün qalan əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsinə və beynəlxalq humanitar hüquqa uyğun davranılmasına çağırılır.
O, Azərbaycan silahlı qüvvələri tərəfindən erməni hərbçilərin və silahsız erməni hərbi əsirlərin işgəncələrə məruz qalması, şikəst edilməsi və öldürülməsini əks etdirən kadrlardan şoka düşüb və onların ictimai şəkildə yayılmasını pisləyir. Məsul şəxslərin müəyyən edilməsi və onların əməllərinə görə məsuliyyət daşımaları üçün videoların tam və qərəzsiz araşdırılmasına çağırılır.