ABŞ Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün tərəfdarıdır. Bu barədə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono məlumat verib. Onun sözlərinə görə, ABŞ sülh prosesinə dəstək rolunu yerinə yetirir.
“Sülh müqaviləsi dayanıqlı olmalıdır. Onun təşəbbüskarı ABŞ və ya digər ölkələr deyil, tərəflərin özləri olmalıdır. Məqsədimiz tərəflər arasında ünsiyyəti təmin etməkdir ”, - diplomat bildirib.
L.Bono Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupu ilə bağlı mövqeyi barədə xəbərdar olduğunu qeyd edib. Bununla belə, onun fikrincə, vasitəçilik formatından asılı olmayaraq, Azərbaycan və Ermənistan arasında əlaqələrin qurulması ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.
ABŞ Dövlət Departamentinin baş müşaviri qeyd edib ki, Bakıdakı görüşlərdən sonra o, sabah Yerevana yola düşəcək.