Cenevrədə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Eger ilə görüşüb.
Ermənistan Respublikasının xarici işlər naziri BQXK-nın Ermənistanda humanitar problemlərin həllinə yönəlmiş çoxillik fəaliyyətini yüksək qiymətləndirib. Bu kontekstdə BQXK-nın Azərbaycanda erməni hərbi əsirlərinin və girovluqda olan mülki şəxslərin geri qaytarılması, zorla itkin düşmə halları və itkin düşmüş şəxslərin taleyinin öyrənilməsi istiqamətində göstərdiyi səylər yüksək qiymətləndirilib.
Görüş zamanı tərəflər Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar vəziyyətin təfərrüatlarını müzakirə ediblər. Nazir Mirzoyan vurğulayıb ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri, eləcə də beynəlxalq humanitar hüquq və insan hüquqlarının müdafiəsi normalarını kobud şəkildə pozur. Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də Azərbaycana qarşı təcili tədbirlərin tətbiqi ilə bağlı qərarının icrasının vacibliyi də vurğulanıb.
Ararat Mirzoyan BQXK-nın Dağlıq Qarabağdakı humanitar problemlərin həllində fəal iştirakının zəruriliyinə toxunub.
Nazir Mirzoyan həmçinin Dağlıq Qarabağa və Laçın dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinin, habelə müvafiq beynəlxalq strukturlara humanitar yardımların maneəsiz girişinin təmin edilməsinin vacibliyini vurğulayıb.