Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ missiyasına toxunub. O qeyd etdi ki, Moskva Avropa İttifaqının Ermənistandakı mülki missiyasını Rusiyanı regiondan sıxışdırmaq cəhdi kimi qiymətləndirir.
“Bu cəhdlərdə biz Transqafqazda münasibətlərin real tənzimlənməsi maraqlarından uzaq, müstəsna geosiyasi kontekst görürük. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və təhlükəsizliyin əsas qarantı kimi tarixi rolunu zəiflətmək üçün hər şey edilir”,- Zaxarova bildirdi.
Onun sözlərinə görə, Avropa İttifaqının müxtəlif regional münaqişələrin həllində iştirak təcrübəsi birmənalı deyil.
“Brüssel bu sahədə uğurları ilə özünü tərifləyə bilməz. Məsələn, vasitəçilik səylərini və Aİ-nin Serbiyanın Kosovo əyalətindəki missiyasını götürək. Aİ-nin Ermənistandakı yeni missiya ilə bağlı qərarını dəyərləndirərkən bunu nəzərə almaq lazımdır”,- deyə o qeyd etdi.