Belarusda bu il KTMT-nin 3 təlimi keçiriləcək. Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra jurnalistlərə deyib.
O bildirib ki, manevrlər “Qarşılıqlı fəaliyyət”, “Eşelon” və “Axtarış” adlanacaq.
Baş katibin sözlərinə görə, görülən işlərin ən mühüm istiqamətlərinə terrorizmə və transmilli cinayətlərə, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə və informasiya təhlükəsizliyi sahəsində tədbirlər daxildir.
O həmçinin vurğulayıb ki, təşkilatın böyük regional və beynəlxalq strukturlarla, o cümlədən BMT, MDB, ŞƏT, ATƏT ilə əməkdaşlığı bundan sonra da davam edəcək.