Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan, Gürcüstan və Azərbaycanın üçtərəfli əməkdaşlıq formatının mümkün aktivləşdirilməsinə toxunaraq, həftəlik brifinqdə qeyd edib ki, hər bir dövlət öz maraqlarından irəli gələn üçüncü ölkələrə qarşı yönəlməyən, həmçinin qüvvələr balansını nəzərə alan beynəlxalq formatlarda iştirak etmək hüququna malikdir.
“Əgər Yerevan-Tbilisi-Bakı üçtərəfli formatı Cənubi Qafqazda fikir ayrılıqlarının həllinə, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəksə, onda biz bu təşəbbüsü ancaq alqışlaya bilərik. Biz bunu dəfələrlə bəyan etmişik. Və əgər bu təşəbbüsün arxasında Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli razılaşmaların icrasını pozmağa çalışan Vaşinqton və Brüssel dayanırsa, bu başqa məsələdir. Həmin üçtərəfli razılaşmalar Yerevan-Bakı münasibətlərinin tənzimlənməsinin əsasında dayanır”, - Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.
Zaxarova həmçinin "3+3" regional formatından da danışıb, onun fikrincə, bu format da regionda mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına yönəlib. "Bu formatın Ermənistan-Azərbaycan nizamlanmasına töhfə vermək üçün böyük potensialı var", - deyə Zaxarova vurğulayıb.