ABŞ ümid edir ki, birbaşa dialoq uzun müddətdir ki, Ermənistan və Azərbaycanı ayıran məsələlərin həllinə gətirib çıxaracaq.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays yanvarın 24-də ənənəvi brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ Ermənistan və Azərbaycanla birbaşa müzakirələrini davam etdirir.
“Biz bunu ikitərəfli şəkildə edirik, biz bunu tərəfdaşlarla edirik, biz bunu çoxtərəfli institutlar vasitəsilə edirik. Keçən il də bir neçə dəfə bunu üçtərəfli qaydada etmək fürsətimiz oldu. Biz, bu çox çətin məsələlərin həllinə nail olmaq üçün ən təsirli olanı edəcəyik”, o qeyd edib.
“Laçın dəhlizilə bağlı müxtəlif narahatlıqlarımız var. Biz orada vəziyyətin pisləşməsindən narahatıq. Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsi təkcə dövlət katibinin yox, həm də bu binadakı digər şəxslərin diqqət mərkəzindədir. Vaxtaşırı təbii qazın verilməsində və digər zəruri kommunal xidmətlərin göstərilməsində fasilələr pisləşən humanitar vəziyyəti daha da ağırlaşdırır. Biz kommersiya və şəxsi səfərlər də daxil olmaqla, dəhliz boyunca sərbəst hərəkətin tam bərpasına çağırırıq”, Prays əlavə edib.
O, vəziyyətdən çıxış yolunu danışıqlarda görür.
“İrəliyə doğru yol danışıqlardan keçir. Biz davamlı sülhü dəstəkləməyə sadiq qalırıq”, o qeyd edib.