Avropa İttifaqı Şurası bu gün Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Bu barədə Avropa Şurasının rəsmi saytında bildirilir. Mmissiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, etimadın yaranmasına töhfə vermək və Aİ tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.
“Ermənistanın istəyinə cavab olaraq, EUMA müntəzəm patrul xidməti həyata keçirəcək və vəziyyətlə bağlı hesabat verəcək, bu da Aİ-nin yerdəki vəziyyətlə bağlı məlumatlılığını gücləndirəcək. Missiya həmçinin Avropa Şurasının Prezidenti Şarl Mişelin rəhbərlik etdiyi proses çərçivəsində vasitəçilik səylərinə töhfə verəcək”, - qeyd olunub.
Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell qeyd edib ki, Ermənistanda missiyasının yaradılması təşkilatın Cənubi Qafqazdakı fəaliyyətində yeni mərhələyə start verir. Aİ gərginliyin azaldılması səylərini dəstəkləməyə davam edəcək. Aİ regionda davamlı sülhün əsas məqsədinə doğru hər iki tərəflə yaxından işləməyə sadiq olaraq qalır.
Missiyanın müddətinin iki il olacağı vurğulanıb, Onun Əməliyyat Qərargahı Ermənistanda yerləşəcək. Mülki Əməliyyatlar Komandiri Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlaşdırma və Davranış Qabiliyyəti (CPCC) departamentinin idarəedici direktoru Stefano Tomat olacaq. Yaxın gələcəkdə regionda əməliyyatlara rəhbərlik edən Missiya Rəhbəri təyin ediləcək.