KTMT Katibliyi 2023-cü ildə Ermənistan Respublikası ərazisində KTMT sülhməramlı qüvvələri ilə birgə hərbi təlimlərin keçirilməsi məsələsinə münasibət bildirib.
“Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü il yanvarın 10-da Yerevanda keçirdiyi mətbuat konfransı zamanı bəyan edib ki, “İndiki şəraitdə biz Ermənistan Respublikası ərazisində KTMT hərbi təlimlərinin keçirilməsini ən azı bu il məqsədəuyğun hesab etmirik”, - deyə KTMT Katibliyi bildirir və əlavə edir:
“Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuralarının Katibləri Komitəsi tərəfindən təsdiq edilmiş 2023-ci ildə KTMT-nin kollektiv təhlükəsizlik sisteminin komandanlıq və nəzarət orqanlarının, qüvvələrinin və vasitələrinin formalaşdırılması üzrə birgə plan Ermənistan Respublikasının ərazisində KTMT-nin sülhməramlı qüvvələri ilə “Sarsılmaz qardaşlıq-2023” hərbi təlimlərinin keçirilməsini nəzərdə tutur.
Bu il Ermənistan torpağında bu hərbi təlimlərin keçirilməsi zərurəti Yerevanda da daha əvvəl təsdiqlənib. Hazırda KTMT Katibliyi təşkilatda müəyyən edilmiş qaydada bu hərbi təlimlərin ləğvi ilə bağlı Ermənistan tərəfindən rəsmi bildirişlər almayıb.
Biz Ermənistan Respublikasındakı mövcud vəziyyəti anlayırıq ki, bu da KTMT-nin bu il planlaşdırılan sülhməramlı təlimlərinin tam həyata keçirilməsinə mane ola bilər”.
Qeyd edilib ki, KTMT Katibliyində və Birgə Qərargahda təşkilatın nizamnamə orqanları tərəfindən təsdiq edilmiş qoşunların (kollektiv qüvvələrin) döyüş hazırlığı planlarının tam həcmdə yerinə yetirilməsi və hazırlığın artırılması məqsədi ilə maksimum səy göstərilir.