Ermənistan Respublikasının Yunanıstan, Kipr və Albaniyadakı səfiri Tigran Mkrtçyan Yunanıstanın ən böyük qəzeti olan “To Vima”-da məqalə dərc etdirib.
Məqalədə qeyd olunur ki, son bir neçə gün ərzində 120 min erməni, kişi, qadın və uşaq öz ata-baba yurdu olan Artsaxda Azərbaycan tərəfindən qəsdən blokadaya alınıb. Azərbaycan onları mühasirəyə alıb və indi onların xarici dünya ilə əlaqəsi tamamilə kəsilib.
“Bu, doğrudan da humanitar fəlakətdir. 2022-ci il dekabrın 12-də Azərbaycandan olan bir qrup saxta ekoloq, guya ekoloji narahatlıqlara görə, Artsaxı xarici dünya ilə birləşdirən yeganə humanitar əlaqəni - Laçın dəhlizini bağlayıb. Azərbaycanın bu blokadası 9 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır.
Yolun bağlanması Artsax ermənilərini əsas ehtiyaclar üçün məhdud resurslarla təcrid vəziyyətinə salıb. Azərbaycan da insanların iztirablarını daha da ağırlaşdırmaq üçün Artsaxa qazın verilişini bir neçə gün dayandırıb. Həttə ağır vəziyyətdə olan xəstələri müalicə almaq və həyatlarını xilas etmək üçün Ermənistana aparmaq hələ də mümkün deyil.
Azərbaycanın bu blokadası Artsax ermənilərinə kütləvi əzab vermək üçün ilk cəhd deyil. Son 30 ildə Azərbaycanın Artsaxa qarşı üç müharibə başlatdı.
Artsax ermənilərinin üç nəsli ölüm və sıxıntılar, qırğınlar yaşayıb və Azərbaycan tərəfindən daimi məhv edilmə təhlükəsi altında yaşamaqda davam edirlər. Lakin Artsax erməniləri bütün bunlara dözdülər.
Azərbaycan tərəfindən olan bu blokada təkbaşına bir hərəkət deyil. Bu, Dağlıq Qarabağın yerli erməni əhalisinin etnik təmizlənməsinə yönəlmiş sistemli və ardıcıl siyasətin tərkib hissəsidir. Ermənilərə qarşı isteriyası və nifrət nitqi, o cümlədən ermənilərə qarşı institusional nifrəti Azərbaycanın niyyətlərini ortaya qoyur”,- səfir yazdı.
O qeyd etdi ki, Yunanistan XİN Azərbaycanı 2020-ci noyabr 9 tarixli üçtərəfli bəyanata uyğun olaraq heç bir ilkin şərt olmadan Laçın dəhlizi ilə hərəkət və nəqliyyatın azadlığını və təhlükəsizliyini təmin etməyə çağırıb. Yerli əhali sıxıntıdan, iztirabdan qorunmalıdır.
Aİ və ABŞ, Kanada, Vatikan, Fransa, Kipr, Hollandiya, Almaniya, İsveçrə, Böyük Britaniya, Litva, Estoniya və s. Azərbaycana oxşar məzmunlu bəyanat və müraciətlər göndəriblər. BMT Təhlükəsizlik Şurası bu məsələni xüsusi sessiyada müzakirə edib.
“Dünya Milad və Yeni il şənliklərinə hazırlaşarkən, Artsaxın erməni əhalisi bütün dünyadan təcrid olunmuş və dünya ilə əlaqəsi kəsilməklə məhv olmaq təhlükəsi altındadır. Növbəti faciənin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin təcili və qətiyyətli addımı atılmalıdır.”.