Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov arasında telefon danışığı olub.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, “Laçın dəhlizinin bağlanması və bölgədə mədənlərin istismarı ilə bağlı tərəflərin fikir ayrılığı səbəbindən” pisləşən Rusiya sülhməramlı kontinqentinin məsuliyyəti zonasındakı vəziyyət müzakirə edilib.
“Lavrov Dağlıq Qarabağ və Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz əlaqənin təmin edilməsinə dair üçtərəfli razılaşmaların saxlanmasının zəruriliyini vurğulayıb. O, Yerevanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılan görüşündə iştirakdan imtina etmək qərarından təəssüfləndiyini bildirib”, - deyə Rusiya XİN-in saytında deyilir.
Telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, eləcə də 2022-ci il. 31 oktyabr tarixli üçtərəfli bəyanatlarının həyata keçirilməsi üzrə fəal işin davam etdirilməsinin vacibliyi vurğulanıb.