Son günlərdə Dağlıq Qarabağda vəziyyət son dərəcə kəskinləşib. Bunu hökumət iclasında ER Baş naziri Nikol Paşinyan bildirib.
“Azərbaycan öncə Laçın dəhlizini, sonra Dağlıq Qarabağa təbii qaz kəmərini bağladı. Bu təxribatçı əməllər nəticəsində Dağlıq Qarabağ sakinləri sərbəst hərəkət etmək hüququndan məhrum edildi, qışda mənzillərini qızdırmaqda çətinlik çəkirlər, minlərlə insan, o cümlədən uşaqlar soyuq qış şəraitində yollarda qaldılar.
Səhhətində ciddi problemlər olan vətəndaşlar dərman və səhiyyə xidmətlərindən məhrum qaldılar. Ərzaq və digər əsas tələbat mallarının tədarükü kəsildi.
Faktiki olaraq 120.000 insan mühasirədə girov qalıb.
Qazla işləyən məktəblər və uşaq bağçaları fəaliyyətini dayandırmağa məcbur olub, nəticədə 22 minə yaxın uşaq təhsil hüququndan məhrum edilib.
Dağlıq Qarabağdakı vəziyyəti humanitar böhrandan başqa bir şey adlandırmaq olmaz. Üstəlik, bu böhran Azərbaycanın beynəlxalq öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranıb”, - Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, Laçın dəhlizinin bağlanması Azərbaycan tərəfindən 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın birbaşa və kobud şəkildə pozulmasıdır.