"The Washington Post" qəzeti yazır ki, Əfqanıstan müharibəsinin qızğın vaxtlarında ABŞ-ın hərbi liderləri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə tələsirdilər və Azərbaycanda korrupsiyanın geniş yayılmasına baxmayaraq, Pentaqon rəsmiləri Əliyevi ölkəsinin sərhədlərini və hava məkanını ABŞ və NATO-nun təchizat marşrutu üçün açılmasına sövq etməli idilər.
Qəzet yazır ki, bu sövdələşmədə Əliyevə daha sıx diplomatik münasibətlər vəd olunurdu və Azərbaycanın Silk Way Airlines şirkətinə 369 milyon dollarlıq hərbi kontraktlar veriləcəkdi.
Məqalədə söhbət ABŞ Hərbi Hava Qüvvələrinin təqaüddə olan iki generalından – Dankan Maknab və Uilyam III Freyzerdən gedir.
Qeyd olunur ki, 2008-2014-cü illərdə Əfqanıstana gedən təchizat yollarına nəzarət edən generallar hətta fəal hərbi xidmətdən getdikdən sonra da Silk Way Airlines şirkəti ilə konsaltinq sövdələşmələrindən mənfəətlənməyə çalışıblar və generallardan biri günə 5 min dollar qazanırmışdı.
Qəzet yazır ki, keçmiş hərbçi olan Mak Freyzerin Azərbaycanda işləmək üçün ABŞ hökumətindən icazə almasına ehtiyac yox idi, çünki o orduda cəmi 4 il xidmət etmişdi. Dövlət Departamenti Silk Way və onun törəmə şirkətlərinin Azərbaycan hökumətinin nəzarətində olması faktı ilə razılaşıb.
Transcom Maknabın rəhbərliyi dövründə Silk Way şirkətinə 2,230, Freyzerin rəhbərliyi dövründə isə 1117 yükdaşımma missiyası sifariş edib. Bu sifarişlər şirkətə toplam 369 milyon dollar gəlir gətirib.