Dekabrın 1-də Polşada baş tutan ATƏT Nazirlər Forumu çərçivəsində Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyanla Peter Siyarto arasında görüş keçirilib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər Ermənistan və Macarıstan arasında münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıblar.
Nazirlər münasibətlərin hazırkı mərhələsi ilə bağlı fikir mübadiləsi aparıblar. Onlar Ermənistan-Macarıstan münasibətlərində yeni səhifə açmaq niyyətini ifadə edib və tam diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər.
Görüşün davamı olaraq, iki hökumət, xüsusilə ticarət, mədəniyyət, təhsil və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi imkanlarını araşdırmaq üçün qeyri-rezident səfirlər təyin edəcək. Yaxın günlərdə lazımi diplomatik və inzibati prosedurlara başlanılacaq.