Noyabrın 30-da Lodzda keçirilən ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Çexiyanın xarici işlər naziri Yan Lipavski ilə görüşüb.
Görüş zamanı həmsöhbətlər ikitərəfli və çoxtərəfli platformalarda Ermənistan-Çexiya əməkdaşlığının inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər iki ölkənin XİN-ləri arasında mütəmadi olaraq aparılan məsləhətləşmələrdən məmnunluq ifadə edərək, siyasi dialoqun aktivləşdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayıblar.
Nazir Mirzoyan çexiyalı həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesində baş verən son hadisələri, Dağlıq Qarabağ məsələsini ətraflı şəkildə təqdim edib.
Ermənistanın xarici işlər naziri Azərbaycanın 13-14 sentyabr tarixlərində Ermənistanın ərazi bütövlüyünə qarşı təcavüzünün nəticələrinə toxunaraq, Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisindən qeyd-şərtsiz çıxmalı olduğunu vurğulayıb. Azərbaycan tərəfindən güc tətbiqinin və ya güc tətbiq etmə hədəsinin və qeyri-konstruktiv yanaşmaların qəbuledilməzliyi vurğulanıb.
Ararat Mirzoyan və Yan Lipavski Aİ-nin Ermənistandakı müşahidə missiyası barədə də fikir mübadiləsi aparıblar. Nazir Mirzoyan sabitliyin təmin edilməsi kontekstində Aİ missiyasının rolunu olduqca yüksək qiymətləndirib.