Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker videomüraciət edərək qeyd edib ki, ABŞ Dövlət katibi Entoni Blinken sülhün əldə olunması üçün imkana və Cənubi Qafqazın potensialına çox inanır və coğrafiyanın vacib olduğunu anlayaraq ondan bölgəyə səfər etməyi xahiş edib.
O qeyd edib ki, Bakıdan sonra Tbilisi və Yerevana səfər edəcək.
“Ümid edirəm ki, sülh danışıqları zamanı əldə edilən impuls saxlanıla biləcək və daha parlaq gələcəyin təminatı üçün tarixin yeni səhifəsi açıla bilər.
Hazırda gələcəyə baxan və davamlı sülhü əldə etmək istəyən hər iki ölkə tərəfindən real və cəsarətli addımları müşahidə edirəm.
Dövlət katibi Blinkenin qeyd etdiyi kimi, hər iki dövlət Cənubi Qafqazda daha firavan, dinc gələcəyi təmin etmək naminə çalışır.
Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır.
Real proqres əldə olunub və sülh daha yaxşı və parlaq gələcək vəd edir.
Mən sülhün əldə olunması üçün nümayiş etdirilən zəruri cəsarəti və qətiyyəti alqışlayıram”, - deyə Riker vurğulayıb.