Fransa Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqları dəstəkləməyə sadiqdir.
Bunu Fransa Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü rəsmi Parisin iki ölkənin lideri arasında görüş təşkil edib-etməyəcəyi barədə suala cavab olaraq bildirib.
"Fransa Brüssel, Praqa və Vaşinqtondakı görüşlərdən sonra davam edən danışıqları dəstəkləməyə tam sadiqdir", - deyə Fransa XİN qeyd edib.
Xatırladaq ki, İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib ki, dekabrın 7-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək:
“Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın Baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.