Suriyadakı hərbi əməliyyatlarla bağlı Moskva Ankaranı təmkinli olmağa və gərginliyin artmasına imkan verməməyə çağırıb.
Rusiya prezidentinin Suriya məsələsi üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bəyan edib ki, bütün maraqlı tərəflərlə işi davam etdirmək lazımdır və “kürd məsələsi”nin sülh yolu ilə həllinə cəhd göstərilməlidir. O qeyd edib ki, Türkiyə Suriya və İraqdakı hava əməliyyatı ilə bağlı Rusiya Federasiyasına əvvəlcədən məlumat verməyib, və bildirib ki, Suriya ilə bağlı Astanada keçiriləcək görüşdə məsələ müzakirə olunacaq.
"Ümid edirik ki, türk tərəfdaşlarımızı Suriya ərazisində həddindən artıq güc tətbiq etməkdən çəkinməyə inandıracağıq", - Rusiya prezidentinin xüsusi nümayəndəsi bildirib.
Türkiyənin müdafiə naziri Hulusi Akar “Pəncə-Qılınc” hərbi əməliyyatı zamanı 184 yaraqlının öldürüldüyünü açıqlayıb və əlavə edib ki, Ankaranın hərəkətləri bir neçə gün əvvəl İstanbulun mərkəzində baş verən terror partlayışına cavabdır.