ER Baş naziri Nikol Paşinyan hökumətin iclasında Dağlıq Qarabağda rus sülhməramlıların qalma müddətindən danışıb.
Baş nazirin sözlərinə görə, 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatda qeyd olunub ki, Dağlıq Qarabağda sülhməramlılar 5 il müddətilə yerləşirlər və müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
“Bu deməkdir ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı bütün məsələlər həll olunana və Dağlıq Qarabağ ermənilərinin bütün təhlükəsizlik narahatlıqları aradan qaldırılana qədər, sülhməramlılar Dağlıq Qarabağda qeyri-müəyyən müddətlə yerləşirlər.
2021-ci il noyabrın 26-da və 2022-ci il oktyabrın 31-də qəbul edilmiş üçtərəfli bəyanatlarla Azərbaycan prezidenti özü də öz yerləşdirmə zonasında təhlükəsizliyin və sabitliyin təmin edilməsində sülhməramlıların mühüm töhfəsini, təməl daşı olduğunu etiraf etdi. Üstəlik, regionda vəziyyətin sabitliyi üçün Rusiya sülhməramlılarının gələcək səylərinin zəruriliyini qəbul etdi.
Soçinin iki bəyanatının imzalandıqdan və bu protokollar hazırlandıqdan sonra Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə və hüquqlarına aydın beynəlxalq təminatlar olmadan sülhməramlıların geri çəkilməsi ilə bağlı söhbətlərin inkişaf etdirilməsi təkcə qeyd olunan üçtərəfli bəyanatların pozulması deyil, həm də Dağlıq Qarabağ ermənilərinin soyqırımına hazırlıqdır”,- Paşinyan vurğuladı.