ER Baş naziri Nikol Paşinyan hökumət iclası zamanı Azərbaycan prezidenti İlham Əliyevin son bəyanatına toxunub.
Paşinyanın sözlərinə görə, Azərbaycanın rəhbərliyi bu bəyanatla güc tətbiq etməkdən və güc tətbiq etmək hədəsindən çəkinməyə dair yazılı razılığı kobudcasına pozur.
“2022-ci il noyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyevin səsləndirdiyi bəyanatlar bir daha sübut edir ki, Azərbaycan hakimiyyətinin geosiyasi ambisiyaları Cənubi Qafqazın və bütün regionun təhlükəsizliyi və sabitliyi üçün təhdid olaraq qalır.
Beynəlxalq ictimaiyyətə yönəlmiş bu ünvansız və ER-ya qarşı ünvanlı təhdidlərlə dolu çıxışda Azərbaycan prezidenti Ermənistanı və hökumətimizi razılaşmaları və öhdəlikləri yerinə yetirməməkdə ittiham etməyə çalışır, lakin beləcə tam əksini sübut edir.
Üstəlik, Əliyevin bu bəyanatları Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan XİN başçılarının görüşündən və mümkün sülh müqaviləsinin müzakirələrindən məhz bir gün sonra səsləndirilir.
Azərbaycan rəhbərliyi həmin bədnam çıxışı ilə cəmi bir neçə gün əvvəl oktyabrın 31-də Soçidə qəbul edilmiş üçtərəfli bəyanatda qeyd edilən güc tətbiqindən və güc tətbiqi hədəsindən çəkinmək barədə yazılı razılaşmanı kobud şəkildə pozdu.
Soçi və Praqa bəyanatlarına baxmayaraq, Azərbaycan prezidenti ER suveren ərazisinə qarşı öz ambisiyalarını səsləndirir”,-deyə Nikol Paşinyan vurğuladı.