Noyabrın 10-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan 100-dən çox ərizəni əhatə edən 4 iş üzrə qərarları elan edib.
Onlar pis rəftar, mülkiyyət, birləşmə hüquqlarının pozulması, ədalətli məhkəmə çəkişməsilə bağlı şikayətlərin səmərəsiz araşdırılmasına aiddir.
“Ələsgər Ələsgərov və digərləri Azərbaycana qarşı” işi üzrə qərar öz əmlaklarının - evlərinin, mənzillərinin, torpaq sahələrinin, qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsindən şikayət edən 82 ərizəçinin müraciəti əsasında çıxarılıb.
Kommunikasiya zamanı ərizəçilərin nümayəndəsi deyib ki, onlardan yalnız 22-i məhkəmə çəkişmələrini davam etdirmək niyyətindədir, buna görə də 60 nəfərin şikayəti baxılan işlərin siyahısından çıxarılıb. Avropa İnsan Hüquqları Məhkəməsi 22 ərizəçinin mülkiyyət hüquqlarının pozulduğunu müəyyən edib. Azərbaycan hökumətinə üç ay müddətində ərizəçilərə kompensasiyanın məbləğinin müəyyən edilməsi barədə yazılı bildiriş təqdim etmək təklif olunub. Əks halda, Avropa İnsan Hüquqları Məhkəməsi kompensasiyanın məbləğini özü müəyyən edəcək.
“İsmail Bağırov və digərləri Azərbaycana qarşı” işində “Qış parkı” adlanan ərazinin tikintisi üçün evlərin sökülməsi zamanı əmlakın özgəninkiləşdirilməsilə bağlı 14 ərizəçinin şikayəti birləşdirilib.
Avropa İnsan Hüquqları Məhkəməsi ərizəçilərin mülkiyyət hüquqlarının pozulduğunu müəyyən edib.
“Elman Ağayev Azərbaycana qarşı” işində ərizəçi, “Nardaran işi” üzrə fiqurant Elman Ağayev 2015-ci ildə həbs olunduqdan sonra pis rəftara məruz qalmasından şikayətlənib.
Ərizəçi və hökumət arasında barış sazişi bağlanıb və onun şərtlərinə görə, hakimiyyət Ağayevə 8 min avro ödəyəcək.
“Leonid Moroz və digərləri Azərbaycana qarşı” işində ərizəçilər “Yehovanın Şahidləri” dini icmasının təsisçiləri Leonid Moroz və Kiril Stepanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu qurumu qeydiyyata almaqdan imtina etməsindən şikayətləniblər. Onlar dini etiqad azadlığı, birləşmək və effektiv hüquqi müdafiə hüquqlarının pozulmasının tanınmasını xahiş ediblər.
Bu işdə də tərəflər “barış anlaşması” əldə ediblər və hakimiyyət ərizəçilərə 5500 avro kompensasiya ödəməyə razılaşıb.