"Xarici işlər nazirləri danışıqlarını sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər",-deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays gündəlik mətbuat konfransında Ceyhun Bayramov və Ararat Mirzoyan arasında son danışıqlara toxunurkən bildirib.
Praysın sözləriinə görə, Vaşinqtonda nazirlərin görüşü müsbət keçib, belə ki, onlar bir çox sahələrdə fikir ayrılıqları olduğunu müəyyən ediblər və günün sonunda onlar birgə bəyannamə haqqında razılıq əldə etməyə müvəffəq olublar.
Dövlət katibi Blinken Blair House-da müzakirələrdə iştirak etsə də, Praysın sözlərinə görə, gün ərzində hər iki tərəfin ayrılıqda görüşmək və bəzi hallarda Birləşmiş Ştatların fəal iştirakı olmadan fikir ayrılıqlarını aradan qaldırmaq imkanı olub.
"Bizim bundakı rolumuz yardımdan ibarət olub. Biz iki ölkənin görüşü üçün yer - indiki halda Blair House-u təqdim etdik, bir neçə həftə əvvəl - sentyabrın sonlarında Nyu-Yorkda olduğu kimi. Amma bu, Birləşmiş Ştatların bağlamağa çalışdığı və ya can atdığı, yaxud hətta hər iki tərəfə zorla qəbul etdirə biləcəyi bir saziş deyil", - deyə Prays bildirib və əlavə edib:
"Biz iki ölkənin bir araya gəlməsi, çox sayda fikir ayrılıqlarını üzə çıxarması və onları aradan qaldırmağa çalışması üçün yer və imkan yaratmağa çalışırıq. Amma iki ölkə arasında hərtərəfli möhkəm sülhün necə olacağını biz təyin etməyəcəyik. Biz onlara imzalamaq üçün hazır sənəd təqdim etmirik. Biz onların özlərinin ehtiyacı olacaq diplomatiyaya kömək etmək üçün əlimizdən gələni edirik və bu, bizim bütün dünyada bu modelin həyat qabiliyyətini və səmərəliliyini nümayiş etdirdiyimiz bir sıra problemlərə yanaşmamızdan çox az fərqlənir".
O qeyd edib ki, Birləşmiş Ştatlar bu proseslərə kömək etmək üçün əlindəki vasitələrdən və nüfuzundan, xeyirxah xidmətlərindən, bu binada və bütün bu hökumətdə mövcud olan bilik və təcrübədən istifadə etməlidir.