Noyabrın 10-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Baş Qərargah rəisləri hərbi əməkdaşlıqla bağlı məsələləri müzakirə edəcəklər. Bunu KTMT-nin Birləşmiş Qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç bildirdi.
Onun sözlərinə görə,Rusiya Federasiyasının baş qərargah rəisi Valeri Qerasimovun rəhbərlik etdiyi iclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri, o cümlədən KTMT-nin Birləşmiş Qərargahının rəisi Anatoli Sidorov və KTMT baş katibinin müavini Taxir Xayruloyev iştirak edəcək.
Şeqrikoviç bildirdi ki, tərəflər “KTMT-nin Kollektiv Təhlükəsizlik bölgələrində hərbi təhlükəsizlik çağırışları və təhdidləri, onlara qarşı mübarizəyə yönəlmiş tədbirlər, KTMT-nin sülhməramlı potensialının inkişafı, o cümlədən BMT-nin sülhməramlı fəaliyyətinə qoşulmaq, KTMT-nin dövlət (hərbi) aviasiyasının beynəlxalq uçuşlarının təşkili məsələləri və digər aktual məsələləri müzakirə edəcəklər”.