ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda başlanmış və komandalar arasındakı sonrakı söhbətlər zamanı çox məhsuldar müzakirələrin davam etdirilməsi üçün Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı qəbul edib. Bu barədə Dövlət Departmentinin rəsmi məlumatında deyilir.
Məlumatda qeyd olunub ki, Dövlət katibi açılış bəyanatında keçmişi geridə qoyaraq davamlı sülhə nail olmaq uğrunda çalışmaq üçün real və cəsarətli addımlar atdıqlarına görə Ermənistan və Azərbaycanı tərifləyib.
“ABŞ həm Ermənistanın, həm də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. 1991-ci ildə müstəqilliyin bərpası hər iki ölkənin hüquqlarının, bizim qətiyyətlə dəstəklədiyimiz hüquqların təmin edilməsində mühüm məqam oldu”, - o qeyd edib.
“Düşünürəm ki, Dağlıq Qarabağ ətrafında 30 ildən çox davam edən münaqişənin böyük insan və maddi itkilərlə - itirilmiş həyatlar, dərin izlərlə nəticələndiyini söyləmək ədalətli olardı. Amma indi gördüyümüz hər iki ölkənin keçmişi arxada qoymaq və davamlı sülhə nail olmaqdan ötrü çalışmaq üçün atdığı real və cəsarətli addımlardır”, - Blinken deyib.
“Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın dostu kimi bu səylərdə sizə dəstək olmaq, bacardığımız qədər kömək etmək üçün əlindən gələni etməyə sadiqdir”, - o vurğulayıb.