İranın Kəşfiyyat Nazirliyi bəyan edib ki, bu yaxınlarda İranın Şiraz şəhərində şiə ziyarətgahına silahlı hücumda iştirak edən bütün şəxslər həbs edilib. Nazirlikdən verilən məlumata görə, Şahçerax məqbərəsinə hücum təşkil etməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb. Onlar Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşlarıdır.
“Terror qruplaşmasının ölkədəki fəaliyyətinin əsas təşkilatçısı və əlaqələndiricisi Azərbaycan vətəndaşıdır və o, Tehrana çatan kimi dərhal “İslam Dövləti” qruplaşmasının Əfqanıstandakı nümayəndələri ilə əlaqə saxlayıb və artıq İranda olduğunu onlara bildirib”, - deyə “Tasnim” agentliyi xəbər verir.
İranın Kəşfiyyat Nazirliyi həmçinin bildirib ki, terrorçular ölkənin cənub-şərqindəki Zahedan şəhərində növbəti hücum planlaşdırıblar.
Oktyabrın 26-da Tacikistan vətəndaşı olan silahlı şəxs Fars əyalətinin Şiraz şəhərində terror aktı törədib, nəticədə 15 zəvvar ölüb, 40 nəfər yaralanıb.
Hücuma görə məsuliyyəti “İslam Dövləti” terror qruplaşması öz üzərinə götürüb.