“Ermənistan Türkiyə ilə kommunikasiya məsələsindəki çətinliklərin öhdəsindən gələ bilib”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqları və iki ölkənin xüsusi nümayəndələrinin təmaslarını xatırladıb: “Baş verənlər mühüm dəyişiklikdir”.
“Siz soruşacaqsınız, görüş olub, bəs situasiya dəyişibmi? Deyə bilərəm ki, praktik və ciddi nəticə doğurmasa da, özü-özlüyündə situasiya ilə bağlı vacib dəyişiklik var. Situasiyanı analiz edərkən Türkiyə ilə avqust-oktyabr aylarındakı təmaslar zamanı kommunikasiya çətinliklərini aşa bildiyimi anladım”, - Paşinyan qeyd edib.
Paşinyan bunun zəif arqument olduğunu desə də, Türkiyə ilə görüşüb-görüşməmək dilemmasının daha nə hökumət, nə də cəmiyyət səviyyəsində qalmadığını deyib.