Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Təlim Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilir.
Təlimin planına əsasən hərbi hissələr "Həyəcan" siqnalı ilə qaldırılıb. Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib.
Plana uyğun olaraq xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edəcək.