RF prezidenti Vladimir Putin bu gün Soçidə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşüb.
“Qazaxıstandakı görüşdə razılaşdığımız kimi, bu gün Soçidə görüşürük. Soçi görüş yeri kimi Siz və prezident Əliyev tərəfindən də seçilib. Biz burada bir neçə dəfə bu formatda görüşmüşük. Payız havasına görə üzr istəyirəm, amma heç nə edə bilmərik. Əsas odur ki, görüşmək və danışmaq imkanı var. Əslində, biz artıq Astanada “üçümüz” görüşəndə bu müzakirəyə başlamışıq, lakin təbii ki, o, bu qədər ciddi və köhnə bir məsələni, belə probemi həll etmək üçün kifayət olmadı. Ona görə də sizin təşəbbüsünüzü həyata keçiririk.
Bu yaxınlarda Sizin təşəbbüsünüzlə KTMT dövlət başçıları səviyyəsində onlayn görüş keçirildi. Biz tərəfdaşlarımızın Ermənistan-Azərbaycan sərhədi və Qarabağ ətrafındakı vəziyyətlə bağlı yanaşmalarını görürük. Münaqişə uzun illərdir ki, davam edir, ona görə də bir şəkildə həll etmək lazımdır, mən bununla razıyam. Bilirəm ki, bu məsələdə Sizin siyasi iradəniz var və biz bunu dəstəkləyirik.
Biz indi Sizinlə həm də üçtərəfli formatda əsas məqamları tapmalıyıq ki, bu da irəli getməyə imkan verəcək. Xatırladam ki, silahlı münaqişə zamanı razılaşma necə əldə olunub. O zaman biz hamımız belə bir mövqeyə arxalanırdıq ki, əsas məsələ sülhü təmin etmək və iqtisadi inkişafa şərait yaratmaq, o cümlədən Ermənistanın iqtisadi inkişafı üçün şərait yaratmaqdır.
O mənada nəqliyyat infrastrukturlarının açılması, yeni marşrutların yaradılması, iqtisadiyyatın və sosial sahənin inkişafı ilə bağlı məsələlər - biz bunun üçün çalışırıq, bütün bunlar insanların xeyrinədir. Ona görə də biz bu gün bütün bu məsələlər haqqında danışmalıyıq və ümid edirəm ki, irəliləyiş əldə edəcəyik. Biz həmişə o prinsipi rəhbər tuturuq ki, Ermənistan əsrlər boyu bizim müttəfiqimiz və strateji tərəfdaşımızdır, bunu KTMT rəhbərləri ilə görüş zamanı da qeyd etmişəm. Ona görə də vəziyyət bizim üçün xüsusidir. Mənim böyük ümidim var ki, bu gün biz nizamlanma istiqamətində addımlar atacağıq”, - deyə RF prezidenti bildirib.