Soçidə Ermənistanın baş naziri və Rusiya prezidenti arasında təkbətək görüş baş tutub.
Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına toxunublar. Nikol Paşinyan vurğulayıb ki, rəsmi Yerevan bu prosesdə Rusiya tərəfinin təkliflərini əsas kimi qəbul etməyə razıdır.
“Keçən həftə “Valday” debat klubunun platformasında siz Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsinə istinad edərək, Dağlıq Qarabağla bağlı prosesə dair bəzi parametrləri vurğuladınız və erməni tərəfinin müdafiə etdiyi prinsipləri dəstəkləyəcəyinizi bildirdiniz. Sizin iştirakınızla KTMT Kollektiv Təhlükəsizlik Şurasının son qapalı iclası çərçivəsində mən bunu dedim və bir daha təkrar etmək istəyirəm ki, Dağlıq Qarabağ məsələsində bizim üçün Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin qurulmasına dair Rusiyanın təklif etdiyi əsas prinsiplər və parametrlərlə bağlı yanaşmalar məqbuldur”, - deyə ER baş naziri bildirib.
O, ümidvar olduğunu bildirib ki, Rusiya tərəfi üçtərəfli görüşün nəticələrini ümumiləşdirən mümkün bəyanatda Ermənistan tərəfinin Rusiya tərəfinin təklif etdiyi sənədə istinad etmək təklifini dəstəkləyəcək.
“Ermənistan bunu təklif edib, lakin indiyədək Rusiya tərəfinin bu təklifi dəstəklədiyinə dair heç bir təsdiqimiz yoxdur. Qeyd etmək istərdim ki, bu, oktyabrın 6-da Praqada əldə olunmuş razılaşmalara heç bir şəkildə zidd deyil.
Yeri gəlmişkən, Praqada danışıqlar zamanı mən Sizin Dağlıq Qarabağla bağlı ictimai bəyanatlarınızı da nəzərə almışam”, - deyə ER baş naziri bildirib.