“Azərbaycan və Ermənistan liderləri arasında birbaşa dialoq davamlı sülhə nail olmağın açarıdır”.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı dövlətlərarası münasibətləri müzakirə etmək üçün Rusiyaya növbəti üçtərəfli sammitə dəvətini şərh edərkən deyib.
N.Prays ABŞ-ın əvvəlki kimi, rəsmi Bakı ilə Yerevan arasında sülh danışıqlarını dəstəklədiyini vurğulayıb.
"Dövlət katibi Entoni Blinkenin də qeyd etdiyi kimi, biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqik. Hər iki lideri onlar üçün faydalı olan istənilən formatda görüşməyə çağırırıq". Vaşinqton hesab edir ki, birbaşa dialoq problemlərin həllinin və möhkəm sülhün əldə olunmasının yeganə açarıdır. "Məhz buna görə dövlət katibi Blinken sentyabrda, son gərginlik dalğasından sonra ilk dəfə öz həmkarlarını - Ermənistan və Azərbaycan xarici işlər nazirlərini Nyu-Yorkda bir araya gətirib", deyə Prays xatırladıb.
Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, son nəticədə davamlı sülh səyləri baxımından Prezident Putinin dəvətinin faydalı olub-olmayacağına məhz Azərbaycan və Ermənistan qərar verməlidir.
"Son nəticədə Cənubi Qafqaz ölkələrinin müstəqilliyi üçün ABŞ-dan daha böyük dəstək yoxdur. 1991-ci ildə Ermənistanın, Azərbaycanın və Gürcüstanın Sovet İttifaqından müstəqilliyinin bərpası bu ölkələrin hər birinə Moskvadan və ya istənilən digər ölkədə asılı olmadan, öz xarici siyasi maraqlarına xidmət etmək hüququna zəmanət verən əlamətdar hadisə idi", deyə Prays qeyd edib.