ER Parlamentinin Xarici Əlaqələr İdarəsinin rəhbəri Tigran Seyranyan Konstantin Zatulinə məktub göndərərək onun Ermənistan Respublikasına girişinin arzuolunmaz olduğunu bildirib.
Zatulin Rusiya Dövlət Dumasının miqrasiya və vətəndaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi, Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin müavinidir.
Məktubda bildirilir ki, Zatulinin Ermənistan Respublikasına qarşı son bəyanatları dövlətlər arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafına xələl gətirir.
Zatulin 44 günlük müharibənin məğlubiyyətinə görə rəsmi Yerevanı dəfələrlə tənqid edib. Bu günlərdə o, “Yerkir Media”nın efirində baş nazir Paşinyanın Ermənistanın suveren ərazisindən Azərbaycana “dəhliz” verilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.
Lakin üçtərəfli bəyanatlarda Yerevanın Ermənistan ərazisindən dəhliz təmin etmək öhdəliyi yoxdur və hökumət dəfələrlə belə bir sənədin imzalanmasını istisna etdiyini bildirib.