Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında sülh prosesinin bütün səviyyələrində fəal iştirak edir.
Bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Amerikanın səsi”nə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Brüsseldə Ermənistan və Azərbaycan liderləri arasında dörd görüş keçirmiş Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin fəaliyyəti, eləcə də bu istiqamətdə özünün səyləri Aİ-nin bu işdəki iştirakından xəbər verir.
Klaarın fikrincə, Aİ-nin regiondakı fəaliyyətinin digər sübutu Ermənistanda Azərbaycanla sərhəddə müşahidə missiyasının yerləşdirilməsidir.
“Aİ-nin burada öz maraqları var. Bu, bizim qonşu regionumuzdur, ona görə də Cənubi Qafqazı dinc və firavan görməkdə maraqlıyıq. Bunun üçün də Ermənistanla Azərbaycan arasında münaqişəni həll edə bilməmiz vacibdir”, - deyə o bildirib.
Klaar ümidvardır ki, müşahidə missiyası Brüsseli yerlərdəki vəziyyət və mövcud çağırışlar barədə daha yaxşı məlumatlandıracaq, bunun vasitəsilə sülh prosesinə daha effektiv töhfə vermək olar.