“Gürcüstan hökuməti regionda sülh siyasətinə və Azərbaycan prezidentinin Cənubi Qafqazda birgə üçtərəfli müzakirə formatı mexanizminin yaradılmasına dair təklif etdiyi təşəbbüsə bundan sonra da dəstək verməyə tam hazır olduğunu bəyan edir”.
Bunu oktyabrın 24-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycan prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında deyib.
Onun sözlərinə görə, İ. Əliyevlə görüşdə regiondakı mövcud vəziyyətə, Azərbaycan və Ermənistan arasında son dövrdə sülh danışıqları prosesinin başlanmasına dair əldə olunmuş razılaşmaya da toxunublar.
“Burada bir daha təsdiq etmək istərdim ki, Gürcüstan, şəxsən mən və hökumətimiz birlikdə start verdiyimiz sülh siyasətini davam etdirməyə və dəstəkləməyə tam hazır olduğumuzu bəyan edirik”- deyə Qaribaşvili vurğulayıb.
Baş nazir eyni zamanda qeyd edib ki, dinc qonşuluq təşəbbüsü digər əməkdaşlıq formatları ilə ziddiyyət təşkil etmir və ya onları əvəz etmir, əksinə, bu formatlara kömək edəcək.