İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İran İslam Respublikasının Kapandakı konsulluğunun açılış mərasimindəki çıxışında bildirib ki, İran Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir.
“Əminəm ki, İran İslam Respublikasının Kapan şəhərindəki konsulluğunun əməkdaşları öz vəzifələrini yerinə yetirərkən İran hökuməti, Yerevandakı səfirliyimiz, Ermənistan Respublikası hökuməti, Syunik bölgəsi və Kapan şəhər rəhbərliyinin dəstəyini və yerli əhalinin xoş münasibətini alacaqlar.
İran hökumətinin Kapanda Baş konsulluq açmaq qərarı İran hökuməti və xalqının İran və erməni xalqı arasında min illik əlaqələrə verdiyi önəmin təzahürüdür.
İran Ermənistanın və regionun təhlükəsizliyini özünün təhlükəsizliyi hesab edir. Ərazi bütövlüyünə, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etmək bizim siyasətimizdir.
Syunik rayonu Şimal-Cənub yol dəhlizinin ən mühüm hissələrindən biridir. Biz bu tranzit marşrutunu, eləcə də bu marşrutla yük və sərnişin daşımalarını daha da inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik”, - deyə Abdullahian bildirib.
O, həmçinin İran hökumətinin Təbriz şəhərində qarşılıqlı olaraq Ermənistan Resublikasının Baş konsulluğunu açmağa hazır olduğunu xatırladıb.